20-DƏN ÇOX KİTAB MÜƏLLİFİ OLAN TANINMIŞ NAŞİR ORXAN BƏYOV "İZƏ" NƏŞRİYYATI HAQQINDA BİZİ VƏ ŞAGİRDLƏRİ MARAQLANDIRAN SUALLARA CAVAB VERDİ - MÜSAHİBƏ

01 May 2021

- Orxan bəy, 2019-cu ildə qurulan və qısa zaman ərzində vəsaitləri ilə uşaqların, şagirdlərin və müəllimlərin sevimlisinə çevrilən "İZƏ" nəşriyyatını yaxından tanımaq istərdik.

- “İZƏ” nəşriyyatı 2019-cu ildə “İNCİ” şirkətlər qrupu daxilində quruldu, ancaq bunun öncəsi və özünə məxsus yaranma hekayəsi var. Bu barədə qısaca bəhs etmək istərdim. 1995-ci ildə təsis olunan “İnci Group of Companies” MMC dəftər və ofis ləvazimatlarının satış və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə və müxtəlif ölkələrdə bir neçə şirkət fəaliyyət göstərir. Bu şirkətlərin bəziləri şagirdlərin və müəllimlərin sevərək tərcih etdikləri "Oyal" məhsulları və "Ofisait" mağazalarıdır. Hansı ki, burada müştərilər məktəb və ofislə bağlı hər bir məhsulu əldə edə bilərlər.

Təbii ki, sağlam təməllərlə illərə dayanan bu şirkətin daxilində nəşriyyatın olması qaçınılmaz idi. 2019-a qədərki dövrdə bizim xəyallarımız var idi, fərqli kitablar incələyirdik, dünyanın müxtəlif ölkələrindəki kitab sərgilərində olur, oradakı kitabları görür və gördükcə gözəl bir şey edək, Türkiyə, Avropa, bir sözlə, dünya standartlarına uyğun kitablar hazırlayaq deyə xəyallar qururduq.

Bu vaxta qədər də kiçik kitab işlərimiz olurdu, ancaq daha böyük layihələr və təcrübə sahibi olmaq üçün bir az da gözləməli olduq.

Beləliklə, bu illər ərzində təcrübələr qazandıq, daha da təkmilləşərək məsuliyyətli və bir o qədər cəmiyyətə faydalı olan bu işə başlamağa qərar verdik. Daha sonra çox fərqli tərzdə, yeni və dünya standartlarında olan kitablarla sektora daxil olduq. Həmişə məqsədimiz şagirdləri ən yaxşı vəsaitlərlə təmin etmək, onlara fənləri sevdirəcək arzuladıqları kitabları nəşr etmək, müəllimlərin belə öyrədərkən özlərinin də faydalana biləcəkləri kitabları hazırlamaq idi. Əslində, bizim devizimiz olan “oxu, öyrən, öyrət, dünyanı dəyişdir...” ifadəsindəki məqsəd gələcəyimizi əmanət etdiyimiz şagirdlərimizi bir gün dünyanı belə dəyişə biləcəklərinə inandırmaq və onlara bu yolda dəstək olmaqdır. Bu minvalla yola çıxan "İZƏ" nəşriyyatını bu məqsədlə də davam etdiririk.

 

- Bu işi çox sevərək görürsünüz, düşünürəm ki, uğurunuzun sirri elə budur. Orxan bəy, nəşrləriniz, həqiqətən də, rəngarəng və keyfiyyətlə tərtib olunmuşdur. İstərdim ki, bu nəşrlər haqqında məlumat verib, digər nəşrlərdən nə ilə fərqləndiyini qeyd edəsiniz.

Təbii ki, hər bir vəsaitin özünəməxsus cəhətləri vardır və əlavə vəsaitlər dərsliklər üçün bir növ açar, izah, məşq xarakteri daşıyır. Bu baxımdan, şagirdlərin keçirilən mövzuları mənimsəməsi və dərslərində uğur qazana bilməsi  üçün düzgün vəsait seçimi ən önəmli məqamlardan biridir. Düşünürəm ki, bir vəsaitin üstünlüyü onun dərsliklərə uyğun olması, tapşırıqların inkişafetdirici, düşündürücü, şagirdlərdə şüurlu mənimsəmə və mühakimə aparma bacarıqlarını inkişaf etdirməyə yönəlmiş olmasıdır. Məhz bu baxımdan vəsaitlərimizi tərtib edərkən bu prinsiplərə əməl edərək kitablarımızı 3 əsas başlıq altında formalaşdırdıq. Bunlar - mövzu izahları, hansı ki, müəllimlərin izah etdikləri qaydaları təkrar edərək praktik yolla yadda saxlaya biləcəkləri, çalışmalar - öyrəndikləri mövzuları açıq suallar üzərində tətbiq edərək mövzunu daha dərindən mənimsəyəcəkləri, qapalı testlər - öyrəndiklərini fərqli və yeni test modelləri üzərində yoxlayacaqları kompakt vəsaitlərdir.

Onu da qeyd edim ki, "İZƏ" nəşriyyatını digər nəşriyyatlardan fərqləndirən əsas özəlliklərindən biri də bütün yaş qrupuna xitab etməsidir. Azyaşlı uşaqlardan tutmuş "Müəllimlərin işə qəbulu"na qədər hər yaş dövrünü əhatə edən vəsaitlərimiz mövcuddur. Azyaşlıların məktəbəqədərki dövrlərində kiçik yaşdan əylənərək öyrənmə prinsipini mənimsətmək və onların zehni inkişaflarını sürətləndirmək üçün tərtib olunmuş öyrədici boyamalarımız, öyrədici kartlarımız, məktəbəqədər setlərimizlə balacalarımıza dəstək olmağa çalışırıq. İbtidai siniflərdə də yuxarıda qeyd etdiyimiz kimi 3 əsas başlıq altında Azərbaycan dili, riyaziyyat və məntiq vəsaitlərini tərtib etmişik.

 

- Müasir tədris metodlarında istifadə olunan Blum taksanomiyasını Azərbaycanda ilk dəfə 5-8-ci siniflər üçün "DKT" (Dəftər, Kitab, Test toplusu) vəsaitlərinə uyğunlaşdıran "İZƏ" nəşriyyatıdır. Şagirdlərin və hətta deyərdim ki, müəllimlərin belə əvəzolunmaz vəsaitinə çevrilən "DKT" seti də ilk dəfə "İZƏ" nəşriyyatı tərəfindən tərtib olunub. İstərdim ki, "DKT" setiniz haqqında məlumat verəsiniz. Bu setdə nə üçün Blum taksanomiyasından istifadə etmisiniz?

- "DKT" seti dəftər, kitab və test toplusunun bir kitabda cəm olunmasıdır. Dəftərdir, çünki qeydlər aparmaq və sualların həlli üçün xüsusi yerlər ayrılmışdır. Kitabdır, çünki içində mövzu izahları və sual izahları geniş şəkildə verilmişdir. Test toplusudur, çünki hər mövzu üzrə qapalı və yeni test modellerinə yer verilmişdir. Bu üçü bir arada olması səbəbi ilə hər birimizin o yaşlarda olduğu zaman arzuladığı və xəyal etdiyi vəsaitdir.

5-8-ci siniflər üçün tərtib olunan vəsaitlərimizdə müəlliflərlə birlikdə onların daha faydalı, dünya standartlarına uyğun olması üçün milli kurikulumu sintez edərək 6 mərhələli taksanomiya metodunu 4 hissəli ölçmə və qiymətləndirmə sisteminə (xatırlatma-qavrama, tətbiq etmə, sintez və təhlil etmə, qiymətləndirmə-yaradıcı düşünmə) uyğunlaşdırdıq. Bu sistemle hazırlanan vəsaitlərimiz şagirdlərin öncədən öyrənilən məlumatı verilən mövzu izahları ilə xatırlaması və bu izahları sual həllərində istifadə etməklə mövzunu daha yaxşı qavramasını, daha sonra öyrəndikləri mövzuları verilən məlumatlara əsasən çalışmalar üzərində tətbiq etməsini, düşünmə qabiliyyətini artırmasını və sonda şagirdlərin qiymətləndirilməsi ilə birlikdə “tam öyrənmə”yə nail olunmasını təmin edir. Blum taksanomiyası ilə tərtib olunan bu vəsait eyni zamanda şagirdlərin üst səviyyədə düşünmə bacarıqlarını da inkişaf etdirir.

 

- Şagird və müəllimlərə maraqlı olan məqamlardan biri də "İZƏ" nəşriyyatının yeni layihələridir. Nə kimi yenilikləriniz ilə şagirdləri sevindirəcəksiniz?

- İlk öncə uzun zamandır üzərində işlədiyimiz və tezliklə hazır olacaq olan bir vəsaitimiz haqqında məlumat vermək istərdim. Azərbaycanda ilk dəfə "İZƏ" nəşriyyatında tərtib olunan bu vəsait “Sözlü məntiq”dir. Bu vəsait 1-4-cü siniflər üçün nəzərdə tutulub və deyərdim ki, hər kəsin çox səbirsizliklə gözlədiyi bir vəsaitdir. "Sözlü məntiq" vasitəsi ilə şagirdlər dil biliklərini və bacarıqlarını inkişaf etdirərək sürətli analiz etmə bacarıqlarını da gücləndirəcəklər.

Daha sonra ibtidai sinif şagirdlərinin çətinlik çəkdiyi riyaziyyat fənni üzrə açıq tipli çalışmalar və məsələ həlləri üzrə bir layihəmiz var. Bu vəsait vasitəsi ilə şagirdlər açıq tipli çalışmalarla məsələ həllərinin sintezini tək vəsaitlə öyrənmiş olacaqlar. “Açıq tipli çalışmalar və məsələ həlli” adlı vəsaitimizin başqa üstünlüyü digər vəsaitlərimizdə də olduğu kimi hər səviyyəyə uyğun sualların olmasıdır.

Təbii ki, qarşıdan gələn yay aylarında şagirdlərimizin bu ayları daha səmərəli keçirmələri üçün 6 fənnin bir arada olması ilə hazırlanacaq “Yay tapşırıqları” vəsaitləridir. Bu vəsait də 1-4-cü siniflər üzrə Azərbaycan dili, riyaziyyat, ingilis dili, həyat bilgisi, informatika, məntiq fənləri və digər zəka oyunlarının bir arada olması ilə tərtib olunacaq.