Məktəb: Bilik və iqtidar arasındakı əlaqənin tənqidi təhlili
ORXAN BƏYOV
(Təhsilin idarə olunmlası – Magistr, İZƏ nəşriyyatının direktoru)
Məktəb: Bilik və iqtidar arasındakı əlaqənin tənqidi təhlili
Xülasə: Modernizmin hüdudlarından kənara çıxıldığının düşünüldüyü, müzakirə edildiyi, postmodern mübahisələrin, demək olar, bütün sosial nəzəriyyələrdə özünəməxsus yer tutduğu, oxuma-yazma bilmənin normallaşmasından əlavə, əksinin düşünülmədiyi və yadırğandığı bir dövrdə modernizm ideyalarının tənqidi də özünəməxsus forma almışdır.
Postmodernizmdən bu fikirlərin müzakirə olunduğu və tənqid edildiyi vəziyyəti ifadə etmək üçün istifadə olunur. Eyni şəkildə, postmodernizm dövrü də “informasiya əsri”, “bilik çağı”, “istehlak cəmiyyəti”, “postmodernizmin vəziyyəti”, “qeyri-müəyyənlik”, “hiperreallıq”, “simulyasiya” kimi anlayışlarla izah edilməyə çalışılır.
Biz də bu tədqiqatımızda modernizmin meydana çıxardığı yeni yanaşmalardan olan məktəbləşməni, təhsilin bütün cəmiyyətə sirayət edəcək dərəcədə yayılmasını, bilik və iqtidar arasındakı yeni əhatə dairəsini və onun hegemonluğunu tənqidi bir baxış bucağı altında analiz edəcəyik.
Məktəb-biliyin istehsal olunduğu, ötürüldüyü, bilik mədəniyyətinin və ənənələrinin yaradıldığı bir məkandır. Həm də dövlətin “ideoloji qurğuları” arasındakı mühüm yeri ilə araşdırılmağa layiqdir.
Biz həmçinin məktəbi sosial və mədəni “fərqi” təmin edən və gücləndirən bürokratik bir qurum kimi qiymətləndirəcək və dəyərlərin institusionallaşdırılmasında məktəbin rolunu araşdıracağıq. Epistemologiyanın varlığı və davamlılığının ən mühüm əsaslarından biri kimi məktəbə və onun fəaliyyətinə, mahiyyətinə diqqət yetirmək mövzunun dərk edilməsi nöqteyi-nəzərindən faydalıdır.
Açar sözlər: “Bilik sosiologiyası”, “məktəb”, “postmodernizm”
Giriş
Bilik-insanların daim maraqlandığı, cəmiyyətlərin quruluşuna görə müxtəlif növlərinin vasitəsilə insanı ucaltdığı və insanları yaşadıqları cəmiyyətdə fərqli mövqeyə qoyan, mədəniyyətin formalaşdırıcı aktyoruna çevirən predmetdir. Bu səbəbdən də elmin qüdrətindən və gətirdiyi imtiyazlardan xəbərdar olanlar onu daim axtarıb-tapmaq və faydalarından bəhrələnmək üçün həyatları boyu səy göstərmişlər. Buna görə insanlar davamlı olaraq yaşadıqları cəmiyyətin hüdudlarından kənara çıxmış, ehtiyac duyduqları məlumatı axtarmaq üçün müxtəlif bölgələrə – cəmiyyət və mədəniyyətlərə səyahət etmişlər. Qədim zamanlardan bəri bu biliyin güc və imtiyazından bəhs etdiyimiz kimi uğrunda aparılan səyahətlərdən də danışa bilərik. Bu prosesin yaşadığımız “informasiya əsri” ilə məhdudlaşmadığını, insanların formalaşmasından bu yana davam etdiyini söyləyə bilərik.
Bütün bunlarla yanaşı, cəmiyyət və mədəniyyətlər köklü dəyişikliyə məruz qaldığından və insanlar eramızdan əvvəlki dövrlərdə yaşamış əcdadlarınlardan çox fərqli varlıq kimi mövcud olmağa davam etdikcə adıçəkilən predmetlər üzərində aparılan tədqiqatlar daha da mürəkkəbləşmişdir. Biz artıq bilikdən sadəcə bilik, yeməkdən sadəcə yemək, geyimdən sadəcə geyim kimi danışa bilmərik. Bunun səbəbləri ictimai elmlər yaranandan bəri intizamlı və sistemli şəkildə öyrənilərək, təhlil edilmiş, modern-postmodern cəmiyyətin mahiyyəti və bunun fonunda modern-postmodern insanın mahiyyəti izah olunmağa çalışılmışdır. İnformasiya əsrində alimlər, xüsusən də sosial, mədəni və humanitar elmlərlə məşğul olanlar meqa nəzəriyyələrdən əl çəkib konkret hadisələrə fokuslanaraq işlərinə davam etməyə meyillidirlər.
Xüsusilə ötən əsrin 70-ci illərindən etibarən bu günədək postmodernizm olaraq tanınan nəzəri perspektiv meqa nəzəriyyələrə qarşı çıxmış, üstəlik, modernizmin gətirdiyi böyük və ümumbəşəri prinsiplərə ağır, dağıdıcı tənqidi münasibət göstərmişdir. Burada ən əsas tənqid məqamlarından biri də müasir nəzəriyyələrin - Aydınlanmanın humanist meyilləri və rasionalist meyilləri üzərində qurulmasıdır.[1] Bu tənqidlərin ən diqqətçəkən məqamları modernizm prinsiplərinin hegemonluğu, totalitarizmi, ekoloji problemləri və avrosentrizmi doğurması, bununla belə dünyanın bütün bu kimi problemlərlə məşğul olmasıdır. Aydınlanmış Qərb dövlətləri öz “aydınlanma” keyfiyyəti ilə dünyada və öz ölkələrində onun nəzəri prinsiplərini həyata keçirmək üçün bəzən təzyiq və güc tətbiq etməyi də nəzərdən qaçırmamış və bunun zəruriliyindən əmin olmuşlar. Modernizmin çətinliklərini tənqid etmək üzərində formalaşan postmodern nəzəriyyə ən çox da bu hegemonluğa qarşı çıxırdı.
Burada üzərində duracağımız mövzu da bütün bu söylədiklərimizlə əlaqəli, hətta iç-içə keçmiş bir vəziyyətdə olan aydınlanma prinsiplərinin cəmiyyətə çatdırılmasında ən böyük önəmə sahib olan məktəb müəssisəsinin bilik və iqtidar arasındakı sıx və əvəzolunmaz əlaqədə oynadığı roldur.
Modernizm prinsiplərinin sosial müstəvidə qəbulunu təmin etmək, yeni yaranan milli dövlətlərə uyğun vətəndaş yetişdirmək, müasir incəsənəti, texnologiyanı, biliyi, işi və həyatı dərk etmək məqsədilə yaradılan məktəb bu gün də öz missiyasına sadiq qalır. Müasir insanlar məktəbə getmədən, məktəbdə öyrədilənləri mənimsəmədən, modern, post-modern həyatın dalğalı dənizində yelkənsiz gəmi kimi fırlanır, heç bir limandan yapışa bilmir və yavaş-yavaş boğulurlar. Məktəbdə təhsil almadığı üçün kənardan gələn köməklərə də müsbət cavab verə bilmirlər. Məktəb insan və ictimai həyatda belə mühüm mərhələ adlamışkən və həyatı yönləndirməkdə, ənənə və gələcəyin qurulmasında bu qədər önəmli mövqe qazanmışkən onu sadəcə bir tədris ocağı hesab etmək qeyri-mümkündür.
Burada daha çox tənqidi mövqedən çıxış etdiyimiz üçün məktəbin təhsildəki intizamlı rolundan, ənənələrin yaradılmasındakı uğurlarından, mədəniyyətin davamlılığının təmin edilməsində sosial kollektivçiliyə verdiyi töhfədən əlavə biliyin standartlaşdırılmasına, heretik biliyin kənarlaşdırılmasına, sosial fərqləri dərinləşdirməsinə və eyni zamanda bu xətləri bulanıqlaşdırmasına baş vuracağıq.
Müasir sosial nəzəriyyələrdə postmodern müzakirələrlə gündəmə gələn digər məsələ qloballaşmadır. Qloballaşma sayəsində cəmiyyətlər, mədəniyyətlər və dövlətlər arasında yaranan sərhədlərin nisbiliyi yuxarıda qeyd olunan sosial mövqelər arasındakı ayırıcı xətlərin qeyri-səhihliyinə bərabərdir, lakin bu özünü yerli deyil, qlobal miqyasda hiss etdirir. Bunun vacibliyinin səbəbləri ictimai və siyasi elmlərdə çoxşaxəli aspektlərdə müzakirə edilmiş, o cümlədən siyasi, iqtisadi, mədəni, texnoloji və elmi hegemonluğun bu məsələdə oynadığı rol, qloballaşmanın ilk təsirlərinin müəyyənləşdiyi vaxtdan bu yana müzakirə olunmuşdur. Qloballaşma və bəhsi gedən sahələrdəki hegemoniya bilik və iqtidar arasındakı əlaqələrin qlobal hal almasına səbəb olmuşdur ki, bu da hazırda mövcudluğunu qoruyan və dövriyyədə olan biliyin, mədəni elementlərin, hüququn və əxlaqi dəyərlərin universallığın şübhə altına alınmasına imkan verir. Bu hegemon mövqeyə görə öz mədəni elementlərini və biliklərini ümumbəşəri dəyərlər toplusu kimi təqdim edən mədəniyyətlər tənqidimizin əsas diqqət mərkəzində olacaqdır.
Bütün bunlarla birlikdə qloballaşma və texnologiya əsrində dünyanın kiçildiyi, mədəniyyətlər-cəmiyyətlər arasında keçidlərin asanlaşdığı bir həqiqət olaraq qalır. Eyni zamanda, qloballaşma informasiya və texnologiyanın üstünlük təşkil etməsi və onların cəmiyyətləri fərqləndirməsi, zamanın qısalması və məkanın daralması ilə birlikdə qiymətləndirilir.
Tədqiqatın məqsədi və əhəmiyyəti
Tədqiqatın məqsədi modernizm və müasir dövlətlə birlikdə ön plana çıxan məktəb müəssisəsini bilik və iqtidar arasındakı əlaqə konteksində nəzərdən keçirməklə məktəbin cəmiyyətdəki rolunu və təsirini tənqidi prizmadan araşdırmaqdır.
Tədqiqatın əhəmiyyəti ondan ibarətdir ki, o məktəbin bilik istehsalı, ötürülməsi və ideoloji funksiyasına diqqət yetirərək məktəbin ictimai quruluşa və güc münasibətlərinə təsirini anlamaq üçün tənqidi təhlil təklif edir. Məktəbin iqtidar mexanizmləri ilə əlaqəsi və sosial bölgülərin gücləndirilməsindəki rolu üzərində dayanmaqla təhsil müəssisələrinin sosial transformasiyaya təsiri və əhəmiyyəti vurğulanır. Bu konteksdəki tədqiqat məktəbin cəmiyyətdəki mövqeyini və funksiyasını anlamağa mühüm töhfə verir.
Tədqiqat sualları
Tədqiqatın araşdırma sualları aşağıdakılardır:
- Bilik və iqtidar arasındakı əlaqədə məktəb müəssisəsinin rolunu necə müəyyən etmək olar və onun hansı təsirləri var?
- Məktəbin ictimai quruluşa və hakimiyyət münasibətlərinə təsirləri necədir?
- Məktəbin ideoloji funksiyası və sosial parçalanmaların gücləndirilməsində rolu hansı mexanizmlər vasitəsilə görünür?
- Təhsil müəssisələrinin sosial transformasiyaya təsiri və nəticələri hansılardır?
- Modernizm və postmodernizm dövrlərində məktəbin dəyişən rol və funksiyaları hansılardır?
Metod
Tədqiqatın modeli:
Tədqiqat işi modernizm və müasir dövlətlə birlikdə cəmiyyətlərin gündəminə daxil olan və çox əhəmiyyətli bir qurum kimi varlığını davam etdirən məktəb müəssisəsi haqqındadır və məktəbi bilik və güc konteksində dəyərləndirir. Daha tənqidi yanaşma ilə məktəb müəssisəsi bilik və iqtidar arasındakı əlaqənin mərkəzi hesab olunur.
Sosial elmlərdə metodoloji yanaşmalar baxımından iki növ tədqiqat modeli mövcuddur: keyfiyyət və kəmiyyət. Bu tədqiqatın modeli keyfiyyətli, metodu isə ədəbiyyat təhlilinə əsaslanır. Hər kəs tərəfindən qəbul edilmiş keyfiyyət tədqiqat modelinin ümumi tərifi yoxdur. Bununla belə, “İldırım” və “Şimşək” keyfiyyat tədqiqat metodunu “müşahidə, müsahibə və sənəd təhlili kimi keyfiyyətli məlumat toplama üsullarının istifadə edildiyi və təbii mühitdə qavrayış və hadisələri real və bütünlüklə ortaya çıxarmaq üçün keyfiyyətli bir prosesin izləndiyi tədqiqat” olaraq təsvir edirlər.[2] Bu işdə də ədəbiyyat təhlili metodundan istifadə edilmiş, məlumatlar, sənədlər və məzmun təhlil olunaraq təsvir və şərh edilmişdir.
Məktəb müəssisəsinin tənqidi
Müasir dövrdə informasiyadan danışarkən onun duyğularla hiss olunmasına, sınaqdan keçirilməsinə, təcrübə olunmasına diqqət yetirilir.Bu zaman demək olar ki, digər informasiya növləri bilik kateqoriyasına daxil edilmir. Bunun ən azı bəşəriyyət üçün zəruri və faydalı olan bir bilik ola bilməsi ehtimalı tamamilə nəzərə alınmır. Bu səbəbdən maarifçilik dövrünün mütəfəkkirləri biliyi iki növdə qiymətləndirmişlər: saf və saf olmayan bilik. Saf məlumatı digərindən ayırmaq üçün ilk növbədə saf olmayan məlumatın nə olduğuna qərar vermək lazımdır. Çağdaş mütəfəkkirlər tarixi və mədəni amillərin insan düşüncəsini necə formalaşdırdığını və təhrif etdiyini araşdırırlar ki, bu da sonralar bilik sosiologiyasının əsasını təşkil etmiş oldu. Maarifçi mütəfəkkirlərin fikrincə, bu proses düzgün araşdırılmadıqca saf biliyin nə olduğu dəqiq bilinə bilməz.[3] Bilik tam olaraq dahidən qaynaqlanmadığı və vəhy yolu ilə enmədiyi kimi, onun bu və ya digər formada ifadəsindən əvvəl mücərrəd “fikirdə” mövcudluğunu söyləmək olmaz. Əvvəldən bəri bilik mədəni istehsal üçün zəruri məhdudiyyətləri təmsil edən müntəzəm ifadə formaları ilə bir-birinə qarışmışdır və qarışıq əlaqələr vasitəsilə istehsal olunur.[4]
Biliyin ictimai istehsalı sosial münasibətlər və təcrübələr, üstəlik bu meyarların təkrarlanması nəticəsində sınaq predmetinə çevrilməsi ilə həyata keçirilir. Təcrübəyə çevirilən hər bir münasibət sosial biliklər anbarında öz yerini tutaraq, sosial münasibətlərdə daim istifadə olunur, onun nəsillər arasında ötürülməsini və ictimai yaddaşda mövcudluğunu təmin edir. Burada ikitərəfli əlaqələrdən və qarşılıqlı münasibətlərdən danışmaq mümkündür. Qarşılıqlı formalaşma və istehsal nəticəsində insanlardan az qala müstəqil bir varlıq kimi dayanan cəmiyyət və cəmiyyətin bir üzvü kimi öz varlığını davam etdirən insanlar, fərdlər olur və öz davamlılığını təmin edirlər. Bu hadisədə ən mühüm məsələ biliyin ötürülməsi və biliyin daim təkrarlanması, yəni onun rituallaşdırılmasıdır. İnformasiyanın növündən asılı olaraq bu işi həyata keçirən qurumlar həmişə cəmiyyətdə dominant amil kimi mövqe tutmuşlar. Müasir dövrdə bilik, güc və məktəb/təhsil arasındakı əlaqəni də bu cür qiymətləndirmək olar.
Burada məktəbdən bəhs etməyimizin ən önəmli səbəbi onun təhsillə sıx əlaqəsi və ya bu gün ikisi arasında ayrılmaz, təbii bir əlaqənin olduğuna dair geniş yayılmış inancdır. Bu gün insanlar və demək olar ki, bütün elmi nizamlar məktəb və təhsili ekvivalent kateqoriyada qiymətləndirirlər. Məktəb - təhsil prosesinin ritual halına gəldiyi, davamlı olduğu və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən dövlət qurumudur. Burada, demək olar ki, hər bir təhsil kitabında qeyd olunan, bəşər tarixi qədər qədim olan təhsil tarixindən və bəşəriyyəti işıqlı dövrlərə çatdırmaq üçün keçdiyi mərhələlərdən danışmayacağıq. Tədqiqatda bizim üçün önəmli detal hazırda təhsil verən yeganə qurum sayılan məktəb və onun sosial/mədəni nəticələridir.
Müasir dünyanın formalaşmasından etibarən bu istiqamətdə varlığını davam etdirən məktəb, hər bir milli dövlətdə hakimiyyətin ideologiyası istiqamətində cəmiyyəti yetişdirmək və onu irəli mədəniyyətlər səviyyəsinə çatdırmaq üçün istifadə olunmuşdur. Xüsusilə də Qərb olmayan cəmiyyətlərdə bu vəziyyət daha çox müşahidə olunmaqda və məktəbin bu şəkildə istifadəsi avtoritar dövlət quruluşunu da xatırlatmaqdadır.
Aydınlanmanın gətirdiyi prinsiplər istiqamətində və müasir dünya ilə eyni yaşda olan milli dövlət üçün yaxşı və uyğun vətəndaş yetişdirmək üçün lazım olan qurumların başında məktəb gəlir. Müasir dünyanın formalaşmasından etibarən bu istiqamətdə varlığını davam etdirən məktəb, hər bir milli dövlətdə hakimiyyətin ideologiyası istiqamətində cəmiyyəti yetişdirmək və onu irəli mədəniyyətlər səviyyəsinə çatdırmaq üçün istifadə olunmuşdur. Xüsusilə də Qərb olmayan cəmiyyətlərdə bu vəziyyət daha çox müşahidə olunmaqda və məktəbin bu şəkildə istifadəsi avtoritar dövlət quruluşunu da xatırlatmaqdadır.
Bu səbəbdən də məktəb bir qurum olaraq radikal şəkildə tənqid olunub. Bu tənqidin ən mühüm elementi XIX-XX əsrlərdə kütləvi məktəb təhsilinin yaranmasına reaksiyadır. Bu dövrdə dövlət tərəfindən maliyyələşdirilən və tənzimlənən məktəblərdə ümumi icbari təhsilin həyata keçirilməsi istiqamətində davamlı tendensiya müşahidə olunurdu. Kütləvi təhsilin məqsədi vətəndaşları və işçiləri müasir sənaye dövləti üçün yetişdirmək idi.[5]
Təhsilin geniş vüsət aldığı bir dövrdə təhsil müəssisələrinin sıralarından keçə bilməyən insanların, demək olar ki, kənarda qaldığı, cəmiyyətdə özünə yer tapa bilməyəcəyi, diplomun sosial və fərdi münasibətlərdə mühüm meyar kimi qəbul edildiyi bir dövrdə sosial elmlərin, xüsusən də Sosiologiyanın etməli olduğu işlərdən biri də bu tərz qurumların özlərini, yəni varlıqlarını sorğulamalarıdır. Cəmiyyəti ancaq bu yolla yaxşı təhlil etmək olar, ancaq bu yolla üfüqdə gələcək perspektivləri görmək olar. Bu, sadəcə olaraq məktəblə bağlı məsələ deyil, cəmiyyətdə bu cür aydın və qəti fərqlərə və sonradan gələcək sosial fəlakətlərə səbəb olacaq hər hansı bir qurum sosioloji qiymətləndirməyə məruz qalmalıdır. Burada onu da qeyd etmək lazımdır ki, sosiologiya tədqiqat obyektləri haqqında yaxşı və ya pis deyə mühakimə yürütmür. Bu tənqiddən məktəb müəssisəsinin lazımsızlığı, yox olması və ya cəmiyyətlər üçün xeyirli olması kimi nəticələr çıxarılmamalıdır. Düşünürük ki, o yalnız fərdi və sosial fərqliliklərin formalaşma mənbəyini təşkil edən dominant təsisatlardan biri olduğuna görə bu cür dəyərləndirilməlidir.
Məktəb, demək olar ki, hər bir cəmiyyət tərəfindən qəbul edilir, mənimsənilir, hətta sine qua non (olmazsa, olmaz) bir qurum hesab olunur. İş o yerə çatıb ki, bu keçid mərhələsi, insanın sosiallaşmasının və fərdin cəmiyyətdə iştirakının ən mühüm mərhələsi hesab olunur. Bu səbəbdən “məktəbsiz cəmiyyət” təsəvvür etmək çox çətindir. Bu səbəbdən təhsil məktəblə bərabər hesab edilir, məktəbdə təhsilin səviyyəsi və yazı-oxu biliklərinin cəmiyyətə yayılması səviyyəsi inkişaf və maarifçiliklə düz mütənasib olaraq qəbul edilir. Bu, təkcə cəmiyyət daxilində fərqliliklər/dissosiasiyalara səbəb olur. Təhsil səviyyəsi yüksək olan cəmiyyətlər özlərini həm sosial, həm də fərd olaraq digər cəmiyyət və fərdlərdən daha dəyərli hesab edirlər. Belə bir qavrayış nəticəsində insanlıq nizamı meydana çıxır və buna görə də savadlı cəmiyyətlər bu sıralamada birinci yeri tutur, geridə qalmış cəmiyyətlər və fərdlər isə kənarlaşdırılaraq qeyri-insani və ya insanlıqdan əvvəlki mövqeyə itələnir.
Məktəbsiz cəmiyyət təsəvvür edənlərin ən önəmli nümayəndələrindən biri olan İvan İlliç bu nəticənin qaçılmaz olacağını vurğulayır: “İcbari təhsil qaçılmaz şəkildə cəmiyyəti qütbləşdirir, millətlərarası kasta sisteminə görə dünya ölkələri arasında təsnifatın yaranmasına yol açır. Kasta sayılan ölkələrin təhsil reputasiyası onların vətəndaşlarının yaşadıqları illərin orta göstəricisi ilə müəyyən edilir. Bu dəyərləndirmə, ölkənin ümumi daxili məhsulu ilə sıx əlaqəlidir və bu səbəbdən də çox daha kədərlidir.”[6] Məlumdur ki, təhsil kapital və pulla bağlı bir vəziyyətdir və üstəlik, dəbdəbənin bir növüdür. Müasir dövrdən əvvəlki dövrlərdə təhsil indiki kimi o qədər də geniş yayılmasa da, həyata keçirilirdi. Deyə bilərik ki, müasir dövrdən əvvəlki dövrdə dövlətlərin cəmiyyətləri idarə etdiyi üsullar arasında təhsil olmayıb. Çünki qədim zamanlarda bu işi din, sehir, mifologiya öhdəsinə götürmüş və əsrlər boyu bu işi uğurla davam etdirmiş və iqtidarla əlaqəsini heç kəsməmişdir. İqtidar da heç vaxt bu qurumlardan istifadə etmədən cəmiyyət üzərində təsirini qura və davam etdirə bilməmişdir. Aydınlanma ilə birlikdə isə dinin, sehrin, mifologiyanın gücü əlindən alınmış, cəmiyyətdən sıxışdırılıb çıxarılmışdır. Yeni ortaya çıxan müasir dövlət də artıq dini istifadə etməkdən imtina etmişdir. Çünki Renessansla başlayan prosesdə insanların, cəmiyyətlərin insan, təbiət, bilik haqqındakı düşüncələri dəyişmiş, əvvəllər mifologiya tərəfindən yaradılan, ya da əvvəlki dövr elmi paradiqma tərəfindən yaradılan təsəvvürlərin yerinə modern elmin təsəvvürləri nəticəsində yarananlar keçmişdir. Artıq müasir dövlətin, iqtidarın cəmiyyətlər üzərində təsirini qurması və saxlaması üçün lazım olan, yəni əvvəllər din kimi tanınan qurum elmə çevrilmişdir. Elm artıq öz qaydaları, dünya və kainat, insan anlayışı, əxlaqi, etik və s. baxışları olan yeni bir din kimi ortaya çıxıb. Kilsəsi, məbədi olmayan din təsəvvür etmək mümkündürmü? Məktəb! O, yeni dinin məbədi olaraq qarşımızdadır və demək olar, bütün cəmiyyətlərdə rast gəlinir. Belə ki, “Məktəb müasir proletariatın dünya dininə çevrilib və texnologiya əsrinin kasıb insanları üçün faydasız xilas vədləri verir”.[7]
Məktəbin dinlə eyniləşdirməsi aralarındakı oxşar funksiyalarına görə daha güclü iddiadır. Belə ki, məktəb sistemi tarix boyu müşahidə edilən güclü kilsələrin üç funksiyasını öz üzərinə götürmüşdür. Müasir cəmiyyət mifinin qaynağı olan məktəb həm də bu mifin ziddiyyətlərini institusionallaşdıran, mif və reallıq arasındakı uyğunsuzluğu təkrarlayan və gizləyən ritual məkandır.[8] Bu ritualın davamlı təkrarlanması hələ də dini məzmun daşıyır. Bununla belə müasir, çağdaş cəmiyyətlərin necə formalaşa biləcəyini də göstərir. Daim təhsil prosesindən keçərək daha müasir, daha demokratik, liberal cəmiyyət oluna biləcəyi iddiası bu rituallar nəticəsində əldə edilir. Bu xüsusiyyət həm də müasir dünyanın fərqləndirici xüsusiyyəti olaraq hesab oluna bilir. Bütün sistem və iqtidar sturukturu sosial və fərdi formalaşmanın və inkişafın yalnız məktəb prosesi vasitəsilə əldə oluna biləcəyini əsas gətirərək müasir dünya nizamını qurdu. Bununla belə, məktəbləşmə ritualı vasitəsilə nə fərdi öyrənmənin, nə də sosial bərabərliyin artırılmasının mümkün olmadığını başa düşmədikcə təhsil sahəsində köklü islahatlar aparmaq mümkün görünmür.[9] Məktəbləşməyə yaradılacağı iddia edilən azad cəmiyyətdən əlavə təhsil yolu ilə fərqliləşdirilmiş, mədəni fərqliliklərin pozulduğu və işsizlik nisbətlərinin daim artdığı təhsillə fərqlənən bir müasir dünyadan söhbət gedir.
Məktəbləşmə və təhsilin bu cür institusionallaşdırılması mahiyyətcə və tamamilə pis bir vəziyyət deyildir. Tədris prosesinin nizama salınması və bir sistemin qurulması da başa düşülən bir vəziyyətdir. Bundan əlavə, müasir dövrdə müasir bilik, elm sahələrinin müxtəlifliyi və bu sahələrdəki geniş ədəbiyyat və ya bunlara paralel olaraq ortaya çıxan müasir texnologiyalar və bu texnologiyaların həyatın demək olar bütün sahələrinə sürətlə yayılması insanları bu vəziyyətlərlə tanış olmağa məcbur edir. Bunun üçün müəyyən təhsil prosesi tələb olunur və müasir dövlət bu prosesi məktəblər vasitəsilə həyata keçirir. Bununla belə faktlar, hadisələr heç vaxt göründüyü qədər sadə deyil. Cəmiyyətin bir parçası olan insanların daim nəyəsə ehtiyacı var, xüsusilə də müasir dövrdə iqtidar sturukturun həyatın bütün sahələrinə yayılması ilə (Foucault bunu bio-siyasət adlandırır) insanlar qurumlara və texnoloji məhsullara hər keçən gün daha çox ehtiyac duyurlar.
İnsan bir dəfə məktəbə ehtiyac olduğunu qəbul etdikdən sonra başqa qurumlar üçün asan ov halına gəlir. Gənclər öz təxəyyüllərini kurikulumun təklif etdiyi təhsillə formalaşdırmağa imkan verir və hər hansı institusional planlaşdırma formasına qarşı şərtlənirlər. Təhsil bu insanların təxəyyülünün sərhədlərini daraldır. Onları aşkar etmək olmur. Ancaq ümidlərini və gözləntilərini dəyişdirməyi öyrətdikləri üçün aldanırdılar. Təhsilli insanlar artıq təəccüblənə bilməzlər, çünki onlara başqa insanlardan nə gözləmək lazım olduğu öyrədilmişdir. Bu, başqa bir insan və ya maşın üçün belədir.[10]
Bu ehtiyac həyat boyu digər sosial qurumlarla zəncirvari əlaqədə davam edir. Bu məsələ həm də insan təbiətinin təzahürü kimi ortaya çıxır. Lakin davranış və hərəkətlərin ictimailəşməsi və ritual halına gəlməsi insan təbiətinin təzahürü kimi institusional ölçü götürdükdə və üstəlik, bunu bir iqtidar strukturu həyata keçirdikdə insan təbiətinin üstələnməsi və müəyyən bir nöqtədə dondurulması problemləri ortaya çıxır.
Müasir dövrün özünü ən çox göstərdiyi sahələrdən biri də texnologiyadır. Bu sahədəki inkişaf texnologiyanı başa düşən insanların məcburi iştirakını da özü ilə gətirir. Sənaye inqilabı, elmi inqilab bütün ictimai strukturlarda köklü dəyişikliklərə səbəb oldu, bu həyata uyğunlaşmaları üçün də insanlara təhsil vermək məqsədilə məktəbi təsis etmişdir.
Müasir sənaye istehsalın texniki əsaslarını məhv etmişdir. Sınaqlara əsaslanan təcrübədən fərqli olaraq müasir sənaye mexanizasiya üçün təbii elmi və sosial elmi qanunların şüurlu və planlı şəkildə istifadəsini tələb edir. İndi bu dövrdə tək-tək işçilərin bacarıqları arxa plana keçir. İndi biznesin gedişatında fərqli olan texnologiyadır. Müasir sənayenin bütün sahələrində təbiət və cəmiyyət qanunlarından şüurlu şəkildə istifadə edilməsi onlarla bağlı bəzi ümumi prinsipləri bir araya gətirmişdir. Buna görə də, bu əsas elmi-texnoloji bilikləri işçilərə ötürməklə, onları istehsalın əsas sahələrini başa düşəcək və beləliklə, onlara tam hakim ola biləcək şəkildə yetişdirmək olar.[11]
Müasir dünya daha çox texnoloji inkişafla bağlıdır və bəşəriyyətin tərəqqisini texnologiyanın inkişafı ilə eyniləşdirilir. Müasir texnologiyalar həm də bu yenilikləri başa düşəcək işçi qüvvəsini tələb edir və özü ilə gətirir. Müasir dövrdən əvvəlki dövrün fəhlə sinfi üçün artıq əl əməyinə əsaslanan işlərə tələbat yoxdur və maşın bu əməyin növünü tez bir zamanda aradan qaldırdı. Bu səbəbdən müasir dövlət müasir texnologiyanı anlayacaq fərdlərin/işçilərin olmasını istəyir və üstəlik, onları şəxsən yetişdirir. Məktəb müəssisəsi də burada dominant amil kimi görünür. Müasir dünyanın üstünlüklərinə uyğunlaşmaq, texnoloji inkişafla ayaqlaşmaq üçün müasir fərd məktəb təhsilindən keçməlidir, yəni günün şəraitinə, bilik səviyyəsinə uyğun təhsil almalıdır. Bunun əksi demək olar ki, mümkün deyil. Müasir dövlət, daha doğrusu bio-iqtidarın (Foucaultcu mənasında) həyatın bütün sahələrinə yayılması müasir insanı bütün bunları etməyə məcbur edir. Buna görə də, fikrimizcə, məktəb insanlar arasında daha çox fərqlilik yaradır və azadlıqdan daha çox azadlığın qarşısını almağa səbəb olur.
Qloballaşma və təhsil
Qloballaşma son zamanlarda sosial və ya siyasi nəzəriyyələrdə müzakirə olunmaqla birlikdə gündəlik həyata təsirlərinə görə cari söhbətlərdə də bəhs edilən bir mövzu olaraq populyarlıq qazanmışdır. Qloballaşma daha çox mədəniyyətlə bağlı qiymətləndirilir və bu şəkildə idarə olunur. Qavram özü ilə bərabər qarşılığı olan “lokal” (yerli) qavramını da gətirmiş və bunların müzakirələri ədəbiyyatda da öz yerini almışdır.
“Qloballaşmanı dünyada ictimai münasibətlərin cəmləşməsi kimi təyin etmək olar. Uzaq lokallıqları birləşdirən bu cəmləşmə elə bir şəkildə baş verir ki, yerli (lokal) hadisələr kilometrlərlə uzaqdakı hadisələr tərəfindən formalaşdırılır və əksinə”[12]. Qloballaşma dedikdə, hər şeyin daha tez-tez baş verdiyi, mədəniyyətlərin və cəmiyyətlərin bir-birinə yaxınlaşdığı, bir-biriləri arasındakı kəskin xətlərin, demək olar ki, aradan qalxdığı dövr başa düşülür. Manfred David Helddən sitat gətirərək qloballaşmanı “sosial münasibətlərin və tranzaksiyaların transformasiyasının qitələrarası və ya regionlararası axınlar və fəaliyyət, qarşılıqlı əlaqə və gücdən istifadə şəbəkələri yaratdığı” fenomen kimi müəyyən edir.[13] Daha çox sosial dəyişikliklərə və mədəni qarşılıqlı əlaqəyə istinad edən qloballaşma eyni zamanda təhsilin qazandığı yeni ölçülərlə də əlaqəlidir və təhsil sahəsindəki dəyişikliklərə təsir edir.
Qloballaşma dünya miqyasında sosial qarşılıqlı asılılıqları və mübadilələri yaradan, çoxaldan, genişləndirən və intensivləşdirən çoxölçülü sosial proseslər toplusuna aiddir. Bu proseslər həm də insanların lokal olanla uzaqda olan arasında mövcud əlaqələrin güclənməsindən getdikcə daha çox xəbərdar olmasını asanlaşdırır.[14]
Qloballaşma, dünya miqyasında sosial qarşılıqlı asılılıqları və mübadilələri yaradan, çoxaldan, yayğınlaşdıran və intensivləşdirən çoxölçülü sosial proseslər toplusunu ifadə edir. Bu proseslər, eyni zamanda insanların yerli ilə uzaqda olan arasındakı mövcud əlaqələrin güclənməsini getdikcə daha çox dərk etmələrini asanlaşdırır.[15]
Belə olanda dünyada baş verən hər bir hadisə qlobal ölçü qazanır və başqa cəmiyyətlərə də təsir edir. Bu qlobal dövrün təsirləri və nəticələri iqtisadi, siyasi və mədəni ölçü də daxil olmaqla, geniş sahələrdə əks olunur. İqtisadi qloballaşma istehsal olunan hər şeyin istehlak üçün sürətlə bazara təqdim edilməsi, mal və xidmətlərin hərəkətliliyinin coğrafi sərhədləri aşması, kapitalın axıcılığının artması hadisəsidir.[16]
Qloballaşma, kapitalın dünya səviyyəsində dövriyyəsinin artıq tək-tək ölkə səviyyəsində deyil, qlobal səviyyədə həyata keçirilməsi deməkdir. Kapitalizmin sənaye baxımından inkişafı və kütləvi informasiya vasitələrinin yayılması ilə iqtisadi, siyasi və mədəni səviyyədə dünya cəmiyyətlərinin bir-birinə qarışmasıdır. Eyni zamanda, dünyanın bir ucunda baş verən hadisələrin, qərarların, işlərin və fəaliyyətlərin milli sərhədlərdən kənarda olan cəmiyyətlərə təsir göstərə bilməsi deməkdir.[17]
Bütün bu keçidlərin və sürətlə yayılan mədəni elementlərin ən mühüm amillərindən biri də təhsilin qloballaşması və beynəlxalq tələbə hərəkatlarının əvvəlki dövrlə müqayisədə daha böyük ölçüyə çatmasıdır. Yuxarıda qeyd etdik ki, məktəb və təhsil işi kapital tələb edir və göründüyü kimi, beynəlxalq tələbə mobilliyi həm iqtisadi, həm mədəni, həm də simvolik kapitalın qlobal dövriyyəsini bərabərində gətirərək böyük kapital dövriyyəsi yaranmasını təmin edir.
Qloballaşma və təhsil arasındakı əlaqənin ən mühüm mərkəzi mədəni irs və onun ötürülməsi ola bilər. Çünki “Təhsilin aydın funksiyaları cəmiyyətin mədəni irsinin toplanması və ötürülməsi, yenilikçi və dəyişdirici kadrların hazırlanması, siyasi, sosial, seçim və iqtisadi məqamlarda cəmləşmişdir” (Tezcan, 1992). Mədəni irsin toplanması və davamlılığını təmin edən təhsil nəsillər arasında ötürülmə vasitəsi rolunu oynayır. “Bu mənimsəmə həmin cəmiyyətin dəyərlərini və sosial normalarını öyrətməklə baş verir. Bu vəzifə bir tərəfdən düzgün vərdişlərin və münasibətlərin inkişafı, digər tərəfdən isə zərərli ola biləcək antisosial amillərə müqavimət göstərməkdən ibarətdir” (Tezcan, 1992). Bu da insanları cəmiyyətə inteqrasiya edəcək, sosial qaydalara əməl edəcək bütün qurumların ən əsas vəzifələrindən biridir. İctimai harmoniya ilə yanaşı, təhsilin ən əsas funksiyalarından biri də siyasi xarakter daşımasıdır. Siyasi təhsilin birinci vəzifəsi mövcud siyasi sistemə sədaqəti təmin etməkdir. Ona görə də bütün siyasi sistemlər uşaqlara və vətəndaşlara “siyasi təhsil” vermək istəyir (Tezcan, 1992).
Təhsil həm də elitanı seçmək və tərbiyə etmək funksiyasını öz üzərinə götürür ki, bu da sosial təbəqələşməyə/diferensasiyaya səbəb olur, daha doğrusu, bu mövcud fərqləri aydınlaşdırır, siniflər arasındakı sərhədləri sərtləşdirir. Təhsil Millsin “iqtidar elitası”nı, Paretonun isə “elitanın yüksəlişini” təmin edir, həm də cəmiyyətin geri qalan qismindən olan insanların da təhsil yolu ilə bu vəzifələrə çata biləcəyini xatırladır, hətta təmin edir.
Skott qloballaşmanı universitetin sərhədlərini aşan ən böyük meydan oxuma olaraq görür. Bu meydan oxuma üç mühüm aspektdə ön plana çıxır. Birincisi: universitetlər milli xarakter daşıyır. Onlar milli maraqları və vətənpərvərlik ideyalarını aşılayan, milli mədəniyyətin formalaşmasında və yayılmasında mühüm funksiyaya malik qurumlardır. Bu vəziyyət qloballaşma prosesi ilə uyğunsuzluq yaradır. İkincisi; Kommunikasiya və informasiya texnologiyalarının, qlobal tədqiqat mədəniyyəti və şəbəkələrinin təsiri altında təhsilin eyniləşən strukturu ilə milli mədəni fərqlərin əriməsidir. Üçüncüsü, universitetlərin iqtisadi və siyasi cəhətdən asılı olduğu milli dövlətlərin zəifləməsidir (Karaman, 2010). Bundan əlavə, artan işsizlik nisbətləri təhsil səviyyəsi aşağı olan ölkələrdən tələbə və müəllim heyətinin başqa ölkələrə axınına səbəb olur. Qloballaşma və təhsilin yayılması işsizlik kimi hadisələrin həm mənbəyi, həm də həll yolu kimi görünür. Bu tələbə və fakültə/akademik mobillik beyin axını kimi konseptuallaşdırılıb. Yəni ali təhsil almış və ya ixtisası üzrə təkmilləşmiş, yüksək yaradıcılıq və tədqiqat gücünə malik işçilərin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə işləmək və ya məskunlaşmaq üçün miqrasiyasına beyin axını deyilir (Tezcan, 1992).
Qloballaşma ilə ölkələr arasında keçidlər asanlaşır və qloballaşan yerli mədəniyyətlər çox qısa müddətdə texnologiya vasitəsilə, demək olar ki, dünyanın hər yerinə ötürülür. Bunun nəticəsində dünyada qloballaşma, yəni vahid mədəni formasiya geniş vüsət alır. Regional və yerli mədəniyyətlərin üstünü bulud örtür, multikulturalizm adı altında mədəni müxtəliflik yox edilir. Qloballaşmanın təhsilə təsiri danılmaz həddə çatıb. Son zamanlarda şagird mobilliyi geniş vüsət alıb. Ölkələr arasında olan bu tələbə mübadilələri bütün dünyada mədəniyyətlərin qarşılaşmasına və qarşılıqlı əlaqədə olmasına səbəb olur. “Erasmus”, “Fullbirght”, “Mevlana”, “Farabi” kimi beynəlxalq tələbə mobillik proqramları ən çox istifadə edilən proqramlar sırasındadır. Bu proqramlar sayəsində tələbələr həm Şərq, həm də Qərb ölkələrinin universitetlərində qonaq tələbə kimi təhsil ala bilərlər.
Qloballaşma nəticəsində dünyada bütün cəmiyyətlərin Amerikaya bənzədiyi və ya ona bənzəməyə çalışdığı müşahidə edilir. Təhsil sahəsindəki digər ölkələrlə müqayisədə özünü sübut etmiş keyfiyyəti beynəlxalq tələbə qəbulunda onu nərdivanların başına yerləşdirmişdir. Araşdırmalar 2030-cu il üçün beynəlxalq tələbəliyin gələcəyi ilə bağlı bəzi proqnozlar verib:
- Tələbələrin, professor-müəllim heyətinin və qurumların hərəkətliliyini özündə birləşdirən transsərhəd və transmilli ali təhsil artacaqdır.
- Akademik tədqiqatlarda beynəlxalq əməkdaşlıqlar artacaqdır.
- Şimali Amerika tədqiqatlar baxımından açıq üstünlüyə malik olmağa davam etsə də, Asiya və Avropadakı ali təhsil sistemləri qlobal təsirlərini getdikcə artıracaqdır.
- Fəaliyyətə əsaslanan maliyyələşdirmə özəl maliyyələşdirmənin payı ilə artacaqdır.
- Özəl və transsərhəd ali təhsilin əhəmiyyəti və yayılması artdıqca keyfiyyət təminatı da artacaqdır. (Şimşək və Bakır, 2016.)
Qloballaşma bütün dünyanın, cəmiyyətlərin nisbətən öz mədəniyyətlərinə üstünlük verməsi prosesidir, lakin, ümumiyyətlə, insanların müəyyən bir yerdə toplanması və cəmiyyətin hər cür gücə malik mədəni strukturunun bütün dünya tərəfindən qəbul oluna və qəbul edilə bilən bir mövqeyə gəlməsidir. İqtisadiyyat, mədəniyyət, informasiya və təhsil bütün digər sosial institutlar kimi bir-biri ilə sıx əlaqə və qarşılıqlı təsirdədirlər. Bunlar texnologiya sayəsində beynəlxalq və qlobal mövqe qazandıqda biz indi qlobal miqyasda cəmiyyətlərin, mədəniyyətlərin qarşıdurması fenomeni ilə qarşılaşırıq.
Nəticə
Dünya tarixində yeni bir dövrə işarə edən hər hansı bir dövr, hər hadisə, fərdlərə, cəmiyyətlərə, mədəniyyətlərarası əlaqələrə təsir edən hər bir yeni dönüş nöqtəsi sayıla biləcək hadisə özü ilə üstünlüklər, genişlənmələr və imkanlar gətirir, eyni zamanda böhranlara, çıxılmaz vəziyyətlərə də səbəb ola bilər. Bu, insan faktorunun olduğu bütün vəziyyətlər üçün, yəni bütün həyat üçün keçərli olan xarakterdir və ondan qurtulması mümkün olmayan bir keyfiyyətdir.
Qloballaşma bilik, güc, təhsil və məktəb kimi geniş araşdırma və müzakirələrə obyekt olan anlayışlar, faktlar və qurumlar da eyni xarakter daşıyır və fərqli nəticələrlə qarşımıza çıxır. Bu qurumların vahid xarakter daşıdığını, iş rejiminin unikal olduğunu və nəticələrinin vahid olduğunu iddia etmək olmaz. Bu qurumlar, faktlar, hadisələr cəmiyyətlərə, mədəniyyətlərə, həm də hakimiyyət formalarından asılı olaraq fərqli şəkildə təzahür edir, onun fəaliyyət üsulları müxtəlifdir.
Texnologiyanın inkişafı ilə qloballaşma cəmiyyətləri daha sürətlə əhatə edəcək və beləliklə də qlobal mədəniyyətin formalaşmasına cəhd ediləcəkdir. Bu proses zamanı yerli mədəniyyətlər daim öz daxilində müqavimət nöqtələri yaratmağa və qloballaşmanı təşviq etməyə çalışacaqlar. Onlar müxtəlif mədəni elementləri zəhərə qarşı zərdab kimi önə çəkməklə sağ qalmağa davam edəcəklər. Bu onu göstərir ki, prosesdə mədəniyyətlər arasında münaqişələr davam edəcəklər.
Mədəni münaqişələr hansı mədəniyyətin qloballaşmağa səbəb olacağı və digər cəmiyyətlər, mədəniyyətlər üzərində kimin dominant olduğunu müəyyən etmək üçün yaşanır. İnformasiyadan, texnologiyadan və bunlara bağlı olan təhsildən daha səmərəli istifadə edən mədəniyyətlər bu münaqişə prosesini uğurla davam etdirə biləcəklər (çünki bu, bitməyəcək bir prosesdir və bəşəriyyət var olduqca mədəni hegemonluq qurmaq istəyi davam edəcək) və qloballaşmanın gətirdiyi mənfi təsirlərdən təsirlənməyəcəkdir.
Biliyin, təhsilin, məktəbin və beynəlxalq tələbə həyatının bu qədər populyar olduğu bir dövrdə məktəbsiz bir cəmiyyətin mümkün olmayacağı açıq şəkildə görünür. Lakin təhsil sistemi və məktəb müəssisəsi uşaqların daha azad bir şəkildə və bir şəxsiyyət kimi böyümələri üçün məktəb və insanların qarşılıqlı əlaqədə olduğu digər sosial institutlarla birlikdə insan amili nəzərə alınmaqla təhsil sistemində və məktəb müəssisəsində islahat aparılmalıdır. Burada məktəb müəssisəsindən və təhsildən istifadə hakimiyyət strukturunun fəaliyyəti və cəmiyyətin təhsil səviyyəsi ilə düz mütənasibdir. Bir cəmiyyətin təhsil səviyyəsi iqtidarın bir təzahürü olaraq açıq şəkildə ortaya çıxır.
Mənbə
Best, Steven- Kellner, Douglas. Postmodern Teori. (Mehmet Küçük, Çev.). İstanbul: Ayrıntı Yayınları, 2016.
Game, A. M. Andrew (1999). Tutkulu Sosyoloji, (Osman Akınhay, çev.) Ayrıntı Yayınları, İstanbul.
Hekman, S., Arslan, H., & Balkız, B. (1999). Bilgi Sosyolojisi ve Hermeneutik: Mannheim, Gadamer, Foucault ve Derrida. Paradigma yayınları.
İllich, İvan D. (2005). Okulsuz Toplum, (Çev: Mehmet Özay). İstanbul: Şule Yayınları.
Karaman, K. (2010). Küreselleşme ve eğitim. Zeitschrift für die Welt der Türken/Journal of World of Turks, 2(3), 131-144.
Robertson, R., (1999). Küreselleşme: Toplum kuramı ve küresel kültür. (çev; Ümit Hüsrev Yolsal). Bilim ve Sanat.
Şimşek, B., & Bakır, S. (2016). ULUSLARARASI ÖĞRENCİ HAREKETLİLİĞİ VE ATATÜRK ÜNİVERSİTESİNİN ULUSLARARASILAŞMA SÜRECİ. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, (55).
Spring, J. (2014). Özgür Eğitim (Aysen Ekmekçi, Çev.). Ayrıntı Yayınları, İstanbul.
Steger, M. B. (2006). Küreselleşme, ( Abdullah Ersoy, Çev.), Ankara: Dost Yayınları, 1.
Szaniawski, I. (1980). Okulun Toplumsal İşlevi (Tahsin Yılmaz, Çev). Ankara: Onur Yayınları.
Tezcan, M. (1992). Eğitim Sosyolojisi, Zirve Ofset, 8. Basım, Ankara.
Tezcan, M. (2002). Postmodern ve küresel toplumda eğitim. Anı Yayıncılık
[1] Best, Steven- Kellner, Douglas. Postmodern Teori. (Mehmet Küçük, Çev.). İstanbul: Ayrıntı Yayınları, 2016.
[2] Game, A. M. Andrew (1999). Tutkulu Sosyoloji, (Osman Akınhay, çev.) Ayrıntı Yayınları, İstanbul.
[3] Hekman, S., Arslan, H., & Balkız, B. (1999). Bilgi Sosyolojisi ve Hermeneutik: Mannheim, Gadamer, Foucault ve Derrida. Paradigma yayınları.
[4] Game, A. M. Andrew (1999). Tutkulu Sosyoloji, (Osman Akınhay, çev.) Ayrıntı Yayınları, İstanbul.
[5] Spring, J. (2014). Özgür Eğitim (Aysen Ekmekçi, Çev.). Ayrıntı Yayınları, İstanbul.
[6] İllich, İvan D. (2005). Okulsuz Toplum, (Çev: Mehmet Özay). İstanbul: Şule Yayınları.
[7] İllich, İvan D. (2005). Okulsuz Toplum, (Çev: Mehmet Özay). İstanbul: Şule Yayınları.
[8] İllich, İvan D. (2005). Okulsuz Toplum, (Çev: Mehmet Özay). İstanbul: Şule Yayınları.
[9] İllich, İvan D. (2005). Okulsuz Toplum, (Çev: Mehmet Özay). İstanbul: Şule Yayınları.
[10] İllich, İvan D. (2005). Okulsuz Toplum, (Çev: Mehmet Özay). İstanbul: Şule Yayınları.
[11] Szaniawski, I. (1980). Okulun Toplumsal İşlevi (Tahsin Yılmaz, Çev). Ankara: Onur Yayınları.
[12] Steger, M. B. (2006). Küreselleşme, ( Abdullah Ersoy, Çev.), Ankara: Dost Yayınları, 1.
[13] Steger, M. B. (2006). Küreselleşme, ( Abdullah Ersoy, Çev.), Ankara: Dost Yayınları, 1.
[14] Steger, M. B. (2006). Küreselleşme, ( Abdullah Ersoy, Çev.), Ankara: Dost Yayınları, 1.
[15] Robertson, R., (1999). Küreselleşme: Toplum kuramı ve küresel kültür. (çev; Ümit Hüsrev Yolsal). Bilim ve Sanat.
[16] Karaman, K. (2010). Küreselleşme ve eğitim. Zeitschrift für die Welt der Türken/Journal of World of Turks, 2(3), 131-144.
[17] Tezcan, M. (2002). Postmodern ve küresel toplumda eğitim. Anı Yayıncılık.