Naşirlik və maarifçilik

30 İyun 2023

 Təhsilin dünyada gedən dəyişikliklərin əsas inkişaf modeli olduğunu nəzərə alaraq “Təhsil üçbucağı”nın, yəni müəllim-şagird-valideyn birləşməsinin mükəmməl bir təhsil üçün artıq qeyri-kafi olduğunu görürük. Müəllimlərin şagirdlərinə müasir metodlarla dərs tədris etməsi, şagirdin bunu tam mənimsəməsi və valideynin də bu təhsil yolunda övladına tam dəstək ola bilməsi üçün əlavə dərs vəsaitlərinin və ya tədris zamanı istifadə olunacaq bütün nəşrlərin xüsusi önəmi var. Məhz bu baxımdan da biz təhsilin üçbucaqdan yox, dördbucaqdan ibarət olması lazım olduğunu vurğulayırıq.

“Təhsil dördbucağı”nın ilk üç hissəsi barədə az-çox məqalələr paylaşılıb, seminarlar verilib, xüsusi yanaşmalar olub və elə cəmiyyət də  bu mövzuda az-çox məlumatlıdır. Hər gün yenilənən və daim inkişafda olan təhsilin ilk üç hissənin önəmi haqqında valideynlər övladları, müəllimlər isə şagirdləri üçün mütləq şəkildə daima araşdırmalar etməli, hər fərdə individual yanaşılmalıdır. Ancaq bizim bugünkü mövzumuz “Təhsil dördbucağı”nın dördüncü hissəsi olan “Əlavə tədris vəsaitləri” haqqında olacaq.

Müəllimlər, valideynlər və şagirdlər!

Əlavə tədris vəsaitlərində nələrə diqqət etməliyik?

Hansı nəşrlərin onlara faydalı olacağını necə seçməliyik?

Naşir kimdir və xüsusiyyətləri nələrdir? Bunu necə bilməliyik?

Müəllifləri necə tanımalıyıq?

Müəlliflərin fəaliyyəti haqqında necə məlumat almalıyıq?

 Çox əhəmiyyətli və həyati önəm daşıyan və ilk baxışda cavabları çox asan görünən bu sualların çox böyük və həyati önəmi var. Bütün inkişaf etmiş ölkələr məhz bu suallarla öz təhsillərini inkişaf etdirmişdir. Əziz müəllim-şagird-valideyn müasir dünyanın rəqabət aparan və azad iqtisadi sektorunda kitabın da bir məhsul olduğunu unutmamalıyıq. Kitab aldığımızda onun müəllifi haqqında mütləq bir fikrimiz olmalıdır. Ancaq ölkəmizdə, təəssüf ki, bu suallara diqqətsiz yanaşılır. Hətta bu, bəzən bizim dəyərli müəllimlər tərəfindən də yol verilən xətalardan biri olur. Bu suallara əhəmiyyət vermədən və bunların doğru cavabını doğru insanlardan öyrənmədən təhsildə necə irəliləyə bilərik?!.. İrəliləmək olar, ancaq bu, müvəqqəti və  aldadıcı bir irəliləmə olacaq. Aşağıda danışacağımız bir nümunəni indidən verərək bu sınıq-salxaq irəliləməni gözlər önünə sərək: Nə yaş, nə sinif, nə də ki dərsliklərinin ağırlıq səviyyəsinə uyğun olmayan bəzi nəşrlərlə neçə-neçə övladımız ibtidai sinifdən dərslərdən qopur və sinif yalnız 7-8 şagird ətrafında davam edir. Bəs geri qalan 20-25 şagirdin gələcək həyatı necə olacaq?

Müasir uşaq və təhsil psixologiyasının qurucularından olan Jean Piaget də yaş aralıqlarına əsəsən uşaqların qavramaları haqqında yanaşmalar ortaya qoymuşdur. Məhz bu yanaşmalara əsasən yaş aralıqları nəzərə alınaraq əlavə tədris vəsaitləri hazırlanmalıdır. Əks təqdirdə bunun fəsadları böyük olacaq. Bu, yaşa uyğun olmayan yanaşmalar onların itirilməsinə səbəb olur.

Başqa bir müasir uşaq və təhsil psixologiyasının qurucularından olan Lev Viqostski isə hər şagirdin inkişafının fərdiliyini vurğulamışdır. Məsələn, Viqotskiyə görə bəzi şagirdlər 1-ci və 2-ci sinifdə standart tədris materialları ilə öz potensiallarını ortaya qoymaqda ləngiyə bilərlər və bu da sinfin standartından geri qalma ilə nəticələnə bilər. Bu uşaqlar ancaq xüsusi yanaşma və xüsusi əlavə vəsaitlərlə potensialları ortaya çıxarılıb sinfin standartına çatdırıla bilər.

Buradan aşkar olur ki, bir mövzunu tam qavramaq üçün əlavə tədris vəsaitləri mütləqdir və bu sınanmış, praktikadan keçmiş və bütün ölkələrdə də istifadə olunan bir sistemdir. Əlavə vəsaitlərdə əsas məqsəd ölkənin mərkəzi təhsil sistemində planlanmış standart qavramanın xaricində qalmış şagirdləri o səviyyəyə gətirmək və şagirdin mövzunu öyrənmə səviyyəsini təkmilləşdirməkdir.  Potensialları yüksək olan şagirdləri isə daha üst səviyyəyə çatdırmaq ancaq xüsusi yanaşma və xüsusi vəsaitlərlə mümkün olacaqdır.

Bəs yaxşı bu belə olmadıqda şagirdlər aldıqları əlavə vəsaitin bir səhifəsindəki 10 sualdan 6-8-ni edə bilməyəcəksə, niyə valideyn əlavə vəsait alır?! Bir məsələni mütləq qeyd etməliyik. Bu problem Təhsil Nazirliyinin yenilənən dərsliklərində çox gözəl və öyrədici şəkildə ələ alınıb. Bəs dərslik mərhələli sistemdə (asan-orta-çətin), əlavə vəsaitlər isə səviyyəyə uyğun olmadıqda günahkar kimdir?

 

Qısa və konkret olaraq deyim: Təhsilsiz müəlliflər, təcrübəsiz və təhsilsiz naşirlər və nəzəri pedaqogikadan və praktik pedaqogikadan bixəbər insanların bu əlavə vəsaitlərdə müəllif və ya naşir kimi iştirakıdır. Bəli, ilk bunlar günahkardır və qurbanlar isə şagird, valideyn və müəllimlərdir. Ən nəhayətində xalqın gələcəyidir.

 

Dəyərli müəllimlər, əziz valideynlər və gələcəyimiz olan şagirdlər, siz xəstələndikdə hər hansı sınıqçıya gedirsiniz, yoxsa təhsilli, təcrübəli həkimə? Sınıqçıya gedirsiniz?! Təbii ki, siz belə etmirsiniz, ən yaxşı, təcrübəli və ən əsası ali təhsilli (bu həkim xaricdə təhsil alıb dedikdə daha çox güvəndiyimiz) olanını taparaq ora müraciət edirsiniz.

Bəs övladlarımızın sağlamlıq qədər önəmli olan təhsili mövzusunda niyə bu qədər həssas deyilik?! Səbəb isə bu mövzuda maariflənməyə ehtiyacımızın olduğunu düşünmədiyimiz üçündür. Elə yuxarıdakı suallara cavab axtarmamağın da səbəbidir. Çünki müəllim güvənir, valideyn inanır, şagird isə sevir. Ancaq güvənmədən ən azı kiçik bir araşdırma etməlidir, inanmadan sorğulamalıdır: "Kimdir bu müəllif və ya naşir?",  "Sevdiyimiz nəşrlər həqiqətən faydalıdırmı?" Əlbəttə ki, təcrübəli və təhsilli naşir və müəllimlər tərəfindən tərtib olunan kitablar faydalı olacaq və ən qısa zamanda özünü göstərəcəkdir.

Bəs nəşriyyatların öhdəlikləri, məsuliyyət daşıdıqları məqamlar nələrdir?

Məsuliyyət birinci dərəcədən nəşriyyatındır. Niyə təhsilsiz ola-ola özünə naşir deyənlərin, müəllif deyənlərin adına kitablar nəşr edirlər? Bəs bunu şagird öyrəndikdə onun təhsilə və sistemə olan güvəninə və psixologiyasına təsiri necə olacaq? Nəşriyyatlar buna mütləq diqqət etməlidir. Sizin bu işdə ali təhsiliniz və pedaqoji təcrübəniz yoxdursa, belə kitablar yazmayın, müəllif kimi sual tərtib etməyin. Ən yaxşı ehtimal siz sahibi olaraq nəşriyyatı işlədin və ən yaxşı mütəxəssisləri ora cəlb edin. Sizin səriştəsizliyiniz səbəbi ilə bir nəslin böyük hissəsi təhsildən soyuyacaq. Tərtib etdiyiniz çətin, əlaqəsiz, sinif səviyyəsinə uyğun olmayan nəşrlərlə təhsilə yalnız zərər verəcəksiniz.

Bizim yeni 2023-2024 tədris ili üçün əsas devizimiz cəmiyyətimizi bu mövzuda maarifləndirmək və bu sistemə bir standart gətirməkdir. Düşünürəm ki, bunun həlli üçün naşirlər və müəlliflər tərcümeyi-halları, təhsilləri haqqında məlumatları kitabın ön səhifələrində yerləşdirməli və ya o nəşriyyatın səhifəsində hər bir naşir və müəllif haqqında məlumatlar yerləşdirməlidir ki, alıcı vaxt itirmədən ən azından ilkin məlumat ala bilsin. Və bu haqda məlumat yerləşdirilməyibsə, bunu alıcı (müəllim, valideyn və şagird) mütləq tələb etməlidir.

 

Ali təhsilli və imtahan verərək işə daxil olan dəyərli müəllimlər, sizin qarşınızda kitabdan, təhsildən danışanların bu işdəki təcrübəsi və təhsili haqqında məlumatlı olmağınız lazımdır.

Övladının gələcəyi üçün qazancını səfərbər edən fədakar valideynlər, siz bunu tələb edərək min bir əziyyətlə qazandığınızı doğru kitablara xərcləmiş olacaqsınız.

Gələcəkdə ən mükəmməl universitetdə təhsil almağı arzu edən əziz şagird, sən bunu araşdıraraq indidən öz hüquqlarını qoruyacaq və doğru vəsaitlərlə gələcəyini formalaşdıracaqsan.

Əziz təhsilli, təcrübəli naşir və müəlliflər, öz gələcəyimiz üçün bunu etməliyik. Bu bizim cəmiyyətimizə qarşı bir ictimai məsuliyyətimizdir.

Orxan Bəyov ("İZƏ" nəşriyyatının direktoru)