Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azər-baycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1: 2-dir.